Saray haqqında

"Gülüstan" sarayı ümummilli lider Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə "BAKIDÖVLƏTLAYİHƏ" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında 1979-1980-ci illərdə inşa edilmişdir. Layihənin memarları Nazim Hacıbəyov, Hafiz Əmirxanov, mühəndis-konstruktorları Novruz İsmayılov, Kamil Kərimovdur. Saray Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini Əliş Ləmbəranskinin başçılığı altında tikilmişdir. İnşaat işlərinə rəhbərlik Tofiq Əhmədov tərəfindən aparılmışdır. Yuxarıda adı çəkilən bu şəxslərin hər biri bu layihəyə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşlər.

Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin - konsert, dövlət qəbulları, konfranslar, sərgilər və ya kütləvi şənliklərin keçirilməsinə hesablanmışdır.

"Gülüstan" sarayının binası, Bakı körfəzinin və şəhər mənzərəsinin ən uğurlu şəkildə müşahidə etməyin mümkün olduğu Bakının dağlıq hissəsində yerləşdirilmişdir. Bu yerdə relyef qərbdən şərqə doğru kəskin düşür. Layihənin müəllifləri planlaşdırma zamanı bundan uğurla istifadə etmişdilər.

Layihənin müəllifləri sarayın arxitekturasında Azərbaycan milli memarlığı üçün ənənəvi vahid motivləri tətbiq etmişdilər: tağ sırası ilə çərçivələnmiş eyvanlar, binanın ümumi fasadına özünəməxsus görkəm bəxş edirlər. Bu eyvanlar, birinci mərtəbənin divarlarının üstündə konsol şəklində asılaraq, yüngüllüyün, eləcə də zərif işıq və kölgə oyunlarının təəssüratını yaradır.

"Gülüstan" sarayı iki mərtəbədən və aşağıda yerləşən əlavə kürsülük mərtəbəsindən ibarətdir. Birinci mərtəbədəki səhnə meydançası ilə təchiz və improvizasiya edilmiş disko klub, stolüstü oyunlar və bilyard üçün nəzərdə tutulmuş otaqlar, 100 yerlik kinozal, 40 yerlik uşaq kafesi, həmçinin 75 və müvafiq olaraq 129 yerdən ibarət barlarda mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılırdı. Birinci mərtəbədə suvenirlərin və müxtəlif milli məmulatların mağazaları, həmçinin geniş qarderoblar yerləşirdi.

İkinci mərtəbədə yerləşən və iki foyedən ibarət olan 960 yerlik zala iki geniş parad nərdivan aparır. Böyük zalın səhnəsi antresol mərtəbəsində yerləşən artist otaqlarının pandusları ilə əlaqələndirilmişdir. Barların yerləşdiyi nəfis tərtibatlı foyedən 179 yerlik ikiyaruslu şərq restoranına və oturacaqlı 149 yerlik banket zallarına doğru qapılar açılır.

Sarayın inşaat həcmi 79 424 m³, faydalı sahəsi isə — 8525 m² təşkil edir



FOTO QALEREYA